Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair, yazıçı, dramaturq, tərcüməçi Seyran Səxavətin 80 illiyi münasibətilə zəngin məzmunlu elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan bildirilib ki, yazıçının yaradıcılıq irsinin sistemli şəkildə toplanması və oxuculara müasir formatda təqdim olunması baxımından əhəmiyyət daşıyan məlumat bazası Seyran Səxavətin çoxşaxəli fəaliyyətini əhatə edən bölmələrdən ibarətdir. Elektron topluda həmçinin filologiya üzrə elmlər doktoru, dosent Gülxani Pənahın “Seyran Səxavətin “Seçilməmiş əsərləri”, publisist, musiqi pedaqoqu Şəmsi Qocanın “Sözün Səxavəti”, Əməkdar jurnalist Bahəddin Həzinin “O Seyran Səxavət və bu Seyran Səxavət...” adlı məqalələrin tam mətni yer alır. “Xronologiya” bölməsi oxuculara yazıçının həyat və yaradıcılıq yolunu ardıcıllıqla izləmək imkanı verir.
Məlumat bazasında Seyran Səxavətin əsərləri, dövrü mətbuatda dərc olunmuş yazıları, məqalələri və müsahibələri təqdim olunur. Bununla yanaşı, onun tərcüməçilik fəaliyyəti, redaktə etdiyi kitablar və “ön söz yazdığı nəşrlər də ayrıca bölmələrdə toplanıb.
Bazada yazıçı haqqında qələmə alınmış kitab və məqalələr, həmçinin elmi tədqiqatlar – dissertasiya və avtoreferatlar da yer alır. Bu bölmələr Seyran Səxavətin yaradıcılığının elmi müstəvidə necə dəyərləndirildiyini nümayiş etdirir. Bundan əlavə, bazada ədibin türk, ingilis, rus, polyak, rumin, gürcü, altay dillərində nəşr edilən əsərlərinin siyahısı təqdim edilib.
Foto və videoqalereya bölmələri vasitəsilə oxucular yazıçının həyatından müxtəlif anları, “Virtual sərgi” bölməsi vasitəsilə isə yazıçının kitablarını vizual şəkildə izləyə bilərlər.
Elektron məlumat bazası kitabxananın saytında yerləşdirilib.



















